AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şuşa Zəfəri – tarixə yazılan qəhrəmanlıq

Şuşa Azərbaycan xalqının tarixi yaddaşında, milli-mədəni həyatında və dövlətçilik düşüncəsində xüsusi yerə malik olan şəhərdir. Qarabağın tacı adlandırılan bu qədim şəhər əsrlər boyu Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və musiqisinin mühüm mərkəzlərindən biri olmuşdur. Şuşanın işğaldan azad edilməsi xalqımız üçün sadəcə hərbi qələbə deyil, həm də milli-mənəvi dəyərlərimizin bərpası demək idi.

2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi xəbərini Azərbaycan xalqına çatdırdı. Bu tarixi müraciət ölkəmizin hər bir guşəsində böyük sevinc və qürur hissi ilə qarşılandı. Uzun illər Şuşaya qovuşmaq arzusu ilə yaşayan insanlar üçün həmin gün unudulmaz tarixə çevrildi.

Şuşa əməliyyatı Azərbaycan hərb tarixində xüsusi qəhrəmanlıq nümunəsidir. Şəhərin mürəkkəb dağlıq relyefi, çətin keçilən yolları və döyüş şəraiti Azərbaycan əsgərindən böyük fiziki və mənəvi güc tələb edirdi. Hərbçilərimizin göstərdiyi cəsarət, peşəkarlıq və Vətən sevgisi nəticəsində Şuşa azad edildi. Bu qələbə ordumuzun yüksək döyüş ruhunun təcəssümü oldu.

Şuşanın azadlığından sonra şəhərin bərpası və yenidən qurulması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Tarixi abidələrin qorunması, mədəniyyət ocaqlarının bərpası, infrastruktur layihələrinin həyata keçirilməsi və şəhərin əvvəlki şöhrətinin qaytarılması istiqamətində genişmiqyaslı işlər görüldü. Şuşa yenidən Azərbaycanın mədəniyyət həyatının mühüm mərkəzlərindən biri kimi inkişaf etməyə başladı.

Bu gün Şuşa Zəfərin, milli birliyin və tarixi qayıdışın rəmzidir. Şuşanın azadlığı şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və Azərbaycan əsgərinin fədakarlığı hesabına mümkün olmuşdur. Bu şəhər hər zaman xalqımıza öz tarixini, mədəniyyətini və Vətən uğrunda mübarizənin müqəddəsliyini xatırladacaq.

Sona Bəylərli,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button