AnalitikaGündəmSiyasət

Azərbaycan-Türkmənistan münasibətlərində tarixi zirvə

Azərbaycan və Türkmənistan dövlətləri arasındakı müasir əlaqələrin təməli ötən əsrin sonlarında, hər iki ölkənin müstəqilliyini yenidən qazanması iləqoyulmuşdur. 1992- ci ildə iki qardaş ölkə arasında rəsmi bağlar qurulmuş, qısa müddətdə Bakı və Aşqabad şəhərlərində qarşılıqlı olaraq səfirliklər fəaliyyətə başlamışdır. Dövlətlərimiz çətinliklərə baxmayaraq, Xəzər dənizində mehriban qonşuluq mühitinin qorunmasına, Birləşmiş Millətlər Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində bir-birini dəstəkləməyə böyük önəm vermişlər. Qarşılıqlı etimadın yüksəlməsi nəticəsində Bakı və Aşqabad, eləcə də Füzuli və Arkadağ şəhərləri qardaşlaşmış məkanlar elan edilmişdir.

Müstəqillik dövrünün ən böyük tarixi dönüş nöqtəsi isə 2021-ci ildə Xəzər dənizindəki neft və qaz yataqları ilə bağlı uzunillik fikir ayrılıqlarının tamamilə həll edilməsi olmuşdur. İki ölkə Xəzərdəki mübahisəli yatağın birgə kəşfiyyatı və işlənilməsi barədə tarixi memorandum imzalayaraq ona rəmzi olaraq “Dostluq” adını vermişlər. Bu addım müstəqillik illərində toplanan qarşılıqlı inamın ən bariz göstəricisinə çevrilmiş, iqtisadi və enerji əlaqələrində tamamilə yeni bir səhifə açmışdır. Eyni zamanda Bakı və Türkmənbaşı dəniz limanları vasitəsilə Xəzər üzərindən yükdaşımaların həcmi ildən-ilə artırılmış, iki ölkə Avrasiyanın mühüm nəqliyyat qovşaqlarına çevrilmişdir. Türkmənistan neftinin Azərbaycan ərazisindən və Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə dünya bazarlarına çıxarılması bu işbirliyinin real iqtisadi bəhrəsidir.

Bir neçə gün öncə Bakıda keçirilən ali səviyyəli görüşlə müstəqillik illərindən bəri pillə-pillə yüksələn bu əməkdaşlıq özünün ən yüksək zirvəsinə qədəm qoydu. Belə ki, Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi gəlişi iki türk dövləti arasında illərdir mövcud olan dostluq əlaqələrini daha da sıxlaşdırıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan dövlət başçısının iştirakı ilə keçirilən bu tarixi görüşdə ölkələr arasında gələcək addımları müəyyən edən on üç mühüm sənəd və Birgə Bəyanat imzalanıb. Bu yazışmalar çərçivəsində enerji əməkdaşlığı müqaviləsi qəbuledilmiş, həmçinin malların və daşıma vasitələrinin daha tez, maneəsiz keçidi üçün gömrük, səhiyyə, aqrar sənaye, eləcə də mərkəzi banklar arasında məlumat mübadiləsinin texniki şərtləri təsdiqlənmişdir.

Görüşün ən yaddaqalan və rəmzi hadisəsi isə Bakı Gəmiqayırma Zavodunda ucaldılan, neft daşıyan nəhəng “Dostluq” tankerinin onlayn qaydada Türkmənistana bağışlanması olub. Azərbaycan dövlətinin bu addımı Türkmənistanın dəniz nəqliyyatının gücünə böyük bir qardaş köməyi olmaqla yanaşı, iki ölkənin dənizdəki ortaq gələcəyinin rəmzidir.

Danışıqlarda Xəzər üzərindən keçən Orta Dəhliz tranzit keçid xəttinin imkanlarının genişləndirilməsi də xüsusi vurğulanıb. Çindən və Mərkəzi Asiyadan gələn yüklərin Bakı və Türkmənbaşı limanları vasitəsilə Qərb dünyasına daha sürətlə çatdırılması bölgəyə sülh, var-dövlət və iqtisadi canlanma vəd edir. Müstəqilliyin ilk illərində atılan kiçik diplomatik addımlar bu gün Avrasiyanın taleyini dəyişən böyük bir strateji tərəfdaşlıq və qardaşlıq ittifaqına çevrilmişdir.

Nəticə olaraq qeyd etməliyəm ki, müstəqilliyin ilk illərində qurulan diplomatik əlaqələr ötən dövr ərzində böyük bir sınaqdan keçərək sarsılmaz müttəfiqliyə çevrilmişdir. Bakıda keçirilən ali səviyyəli son görüş bir daha sübut etdi ki, müstəqillik illərində toplanan siyasi iradə və qarşılıqlı inam hər iki dövləti güc mərkəzinə çevirir. Xəzər dənizini rəqabət deyil, birgə qazanc və sülh dənizinə çevirən bu strateji ortaqlıq, yeni imzalanan sənədlərlə Avrasiyanın logistika və enerji xəritəsini yenidən formalaşdırır. Bu ittifaq təkcə Azərbaycan və Türkmənistanın iqtisadi yüksəlişini təmin etmir, həm də Türk dünyasının bütövlüyünə və regionun uzunmüddətli sabitliyinə ən güclü təməl rolunu oynayır.

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

Oxşar Xəbərlər

Back to top button