İstisu – Kəlbəcərin yenidən canlanan təbii sərvəti

Kəlbəcər Azərbaycanın coğrafi, hərbi-strateji və iqtisadi baxımdan mühüm əhəmiyyətə malik bölgələrindən biridir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının kəsişməsində yerləşən bu ərazi özünəməxsus coğrafi mövqeyi, təbii sərvətləri və regional əlaqələr baxımından ölkəmizin inkişaf strategiyasında xüsusi yer tutur. 25 noyabr Kəlbəcər Şəhəri Günü münasibətilə bu qədim torpağın azad edilməsinin siyasi və geosiyasi əhəmiyyətinə nəzər salmaq mühüm aktuallıq daşıyır.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər uzun illər Azərbaycanın digər ərazilərindən ayrı düşmüşdü. Rayonun işğalı yalnız əhalinin doğma yurdlarından didərgin salınması ilə nəticələnmədi, eyni zamanda ölkəmizin təhlükəsizlik sisteminə və regional mövqelərinə ciddi təsir göstərdi. Azərbaycan dövləti bütün beynəlxalq platformalarda ərazi bütövlüyünün bərpasını tələb etsə də, münaqişənin sülh yolu ilə həlli uzun müddət mümkün olmadı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz hərbi, iqtisadi və diplomatik potensialını əhəmiyyətli dərəcədə gücləndirdi. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə regionda yeni geosiyasi reallıqlar yaratdı. Üçtərəfli Bəyanata əsasən, 25 noyabr 2020-ci ildə Kəlbəcərin Azərbaycana qaytarılması ölkəmizin suveren hüquqlarının bərpası baxımından mühüm hadisə oldu.
Bu gün Kəlbəcərdə həyata keçirilən infrastruktur layihələri rayonun strateji mövqeyini daha da möhkəmləndirir. Müasir avtomobil yolları, tunellər, enerji infrastrukturu və yeni yaşayış məntəqələri bölgənin ölkənin digər əraziləri ilə əlaqəsini genişləndirir. Kəlbəcərin iqtisadi imkanlarının reallaşdırılması, turizm sektorunun inkişafı və yeni istehsal sahələrinin yaradılması onun regional inkişafda rolunu artıracaq.
Kəlbəcərin azadlığı Azərbaycanın müstəqil dövlət kimi öz milli maraqlarını təmin etmək gücünün göstəricisidir. Bu gün həmin torpaqda aparılan quruculuq işləri hərbi-siyasi Zəfərin davamı olmaqla yanaşı, ölkəmizin gələcək inkişafına xidmət edir. Kəlbəcər Şəhəri Günü xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və milli iradəsinin əbədi təcəssümüdür.
Bahadur Məmmədov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədr müavini


