Kəlbəcərin dirçəlişi – güclü Azərbaycanın quruculuq strategiyası

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın müasir inkişaf tarixində yeni mərhələ açıb. Bu prosesin mühüm istiqamətlərindən biri də Kəlbəcər rayonunun yenidən qurulmasıdır. 25 noyabr Kəlbəcər Şəhəri Günü münasibətilə bölgədə görülən işlər, həyata keçirilən layihələr və gələcək inkişaf perspektivləri xüsusi aktuallıq kəsb edir. Kəlbəcərin azad edilməsi ilə başlanan yeni mərhələ bu gün genişmiqyaslı bərpa və dirçəliş prosesi ilə davam edir.
Uzun illər Ermənistanın işğalı altında qalan Kəlbəcər ciddi dağıntılara və ekoloji ziyanlara məruz qalmışdı. Rayonun yaşayış məntəqələri, sosial obyektləri və infrastrukturunun böyük hissəsi dağıdılmış, təbii sərvətləri qanunsuz istismara məruz qalmışdı. İşğal dövründə doğma yurdlarından didərgin düşən sakinlər üçün qayıdış arzusu həyatlarının əsas məqsədinə çevrilmişdi. Azərbaycan xalqı isə bu torpaqların azad olunacağına inamını heç zaman itirməmişdi.
2020-ci il Vətən müharibəsində əldə olunan tarixi Qələbə Kəlbəcərin də azadlığına yol açdı. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı uğurlar nəticəsində 25 noyabrda rayon Azərbaycana qaytarıldı. Bu hadisə dövlətimizin siyasi iradəsini, Ordumuzun gücünü və xalqımızın həmrəyliyini bir daha nümayiş etdirdi. Kəlbəcərin azad olunmasından sonra dövlətin əsas diqqəti burada dayanıqlı inkişafın təmin edilməsinə yönəldi.
Hazırda Kəlbəcərdə yol-nəqliyyat, enerji, rabitə və yaşayış infrastrukturu yenidən qurulur. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və tunellər bölgənin əlçatanlığını artırmaqla yanaşı, iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir. Yeni yaşayış kompleksləri, sosial obyektlər və istehsal sahələrinin yaradılması əhalinin rahat yaşayışı və məşğulluğu üçün mühüm imkanlar formalaşdırır. Bütün bu layihələr müasir şəhərsalma prinsipləri və uzunmüddətli inkişaf hədəfləri əsasında həyata keçirilir.
Kəlbəcərin dirçəlişi Azərbaycanın yalnız müharibədən sonrakı bərpa siyasətinin deyil, həm də güclü dövlət quruculuğunun göstəricisidir. Bu torpaqda yeni həyatın formalaşması xalqımızın tarixi ədalətin bərpasından sonra quruculuğa və inkişafa üstünlük verdiyini nümayiş etdirir. Kəlbəcər Şəhəri Günü azadlığın və tərəqqinin bir araya gəldiyi əlamətdar tarixdir.
Könül Bəkirova,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədri


