Kəlbəcər Şəhəri Günü – Azərbaycanın tarixi Zəfərinin və milli iradəsinin təntənəsi
25 noyabr Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan, milli qürur və dövlətçilik tariximizin parlaq səhifələrindən birini təşkil edən əlamətdar gündür. Bu tarix Kəlbəcərin Ermənistanın işğalından azad olunmasını, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılmış mühüm tarixi addımı və xalqımızın uzun illər davam edən ədalət mübarizəsinin növbəti uğurunu ifadə edir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinə xidmət edir.
Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, rayonun dinc əhalisi doğma torpaqlarından didərgin salınmışdı. Uzun illər ərzində kəlbəcərlilər öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşadılar. İşğal dövründə Kəlbəcərin tarixi-mədəni irsinə, təbii sərvətlərinə və ekoloji mühitinə ciddi ziyan vuruldu. Lakin bütün çətinliklərə baxmayaraq, Kəlbəcər sakinləri doğma torpağa bağlılıqlarını qoruyub saxladılar, qayıdış ümidini heç zaman itirmədilər.
Kəlbəcərin azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, uzaqgörən strategiyasının və Azərbaycan Ordusunun gücünün nəticəsi oldu. 2020-ci il Vətən müharibəsində əldə edilən tarixi Qələbədən sonra imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bu hadisə hərbi-siyasi baxımdan mühüm əhəmiyyət daşımaqla yanaşı, xalqımızın beynəlxalq hüquqa əsaslanan haqq mübarizəsinin təntənəsi idi.
Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Müasir yol infrastrukturu yaradılır, yaşayış məntəqələri yenidən qurulur, enerji təminatı gücləndirilir, sosial obyektlər və istehsal müəssisələri inşa edilir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi, tunellər və digər mühüm infrastruktur layihələri bölgənin ölkənin iqtisadi sisteminə inteqrasiyasını sürətləndirir. Dövlətin həyata keçirdiyi ardıcıl siyasət Kəlbəcərin gələcək inkişafı üçün möhkəm təməl yaradır.
Kəlbəcər Şəhəri Günü yalnız bir şəhərin azadlıq tarixinin qeyd edilməsi deyil, həm də Azərbaycan xalqının birliyinin, əzminin və yenilməz iradəsinin təcəssümüdür. Bu gün biz torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını minnətdarlıqla anırıq. Kəlbəcərin yenidən dirçəlməsi Azərbaycanın güclü dövlətçilik modelinin və Böyük Qayıdış strategiyasının real nəticəsidir.
Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini


