
Təhsil ocaqları yalnız bilik və bacarıqların mənimsənildiyi məkan deyil, həm də şəxsiyyətin formalaşdığı, intizam və bərabərlik prinsiplərinin aşılandığı sosial mühitdir. Bu mühitin sağlam və nizamlı təşkilində təhsilalanların (şagirdlərin) və təhsilverənlərin (müəllimlərin) geyim qaydaları xüsusi əhəmiyyət kəsb edir. Vahid məktəbli forması və müəllimlərin peşəkar geyim etikası təlim-tərbiyə prosesinin ayrılmaz tərkib hissəsidir.
Vahid məktəbli forması şagirdlərin psixoloji, sosial və təlim göstəricilərinə birbaşa təsir göstərən mühüm amildir. Məktəbli forması müxtəlif sosial-iqtisadi təbəqələrdən gələn şagirdlər arasındakı görünən fərqləri aradan qaldırır. Bu, uşaqlar arasında ayrı-seçkiliyin və “geyim yarışının” qarşısını alır.Rəngarəng və diqqətdağıdıcı geyimlərin olmaması şagirdlərin fikrini sırf dərs prosesinə yönəltməyə kömək edir.
Vahid forma şagirdlərdə öz məktəbinə qarşı fəxarət, kollektivə mənsubluq və məsuliyyət hissi formalaşdırır.Düzgün seçilmiş məktəbli forması mövsümə uyğun, fəal hərəkətə mane olmayan və təbii materiallardan hazırlandıqda uşaqların fiziki rahatlığını təmin edir.
Məktəbli Formasının Tətbiqində Nələrə Diqqət Edilməlidir? Formanın parçası nəfəs alan, gigiyenik standartlara cavab verən materiallardan olmalıdır.Şagirdlərin gündəlik fəallığı nəzərə alınaraq geyim tez köhnələn və dəfələrlə yuyulmaya dözümsüz olmamalıdır. Formanın qiyməti əlçatan olmalı və ailə büdcəsinə artıq yük yaratmamalıdır.
Təhsil müəssisələrində geyim mədəniyyətinin düzgün formalaşdırılması sağlam təlim mühitinin təməlidir. Vahid məktəbli forması şagirdlər arasında dostluq və bərabərliyi təşviq etdiyi kimi, təhsilverənlərin işgüzar görünüşü də bu mühitdə nizam-intizamın və qarşılıqlı hörmətin bərqərar olmasına xidmət edir.
Müəllim məktəbdə yalnız bilik verən şəxs deyil, həm də şagirdlər üçün etik və estetik nümunədir. Təhsilverənlərin geyim tərzi onların peşəsinə olan hörmətini və məsuliyyətini əks etdirir. Müəllimlərin geyimi klassik və sərbəst-işgüzar (business casual) üslubda olmalı, həddindən artıq dəbdəbəli və ya diqqətçəkən elementlərdən uzaq durmalıdır. Səliqəli və peşəkar geyim şagirdlərin müəllimə olan hörmətini və dərsin ciddiliyini qavramasını artırır. Təhsilverənin geyimi rahat, funksional olmalı və eyni zamanda təhsil müəssisəsinin akademik nüfuzuna cavab verməlidir.
Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatr



