AnalitikaGündəmSiyasət

Müstəqilliyimizin rəmzi, dövlətçiliyimizin hüquqi təməli

Hər bir müstəqil dövlətin varlığını, kimliyini, suverenliyini və xalqın birliyini dünyaya çatdıran üç müqəddəs rəmzi var: Himn, Gerb və Bayraq. Bu üçlük dövləti möhkəm saxlayan əsas sütunlardır. Həmin rəmzlərin hüquqi təməlini təmin edən, o rəmzləri yaşadan və qoruyan isə onun Konstitusiyasıdır.

Noyabr ayı dövlətimiz üçün bayramlar ayı kimi yadda qalmışdır. Bu bayramlardan 9 Noyabr- Bayraq Günü və 12 Noyabr- Konstitusiya Günü bir-birini tamamlayan iki mühüm dövlətçilik bayramıdır. Onlardan biri xalqımızın milli kimliyini, müstəqilliyini simvolizə edirsə, digəri həmin müstəqilliyi hüquqi cəhətdən qoruyur və vətəndaş hüquqlarını müdafiə edir.

Üçrəngli dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qətnaməsi ilə qəbul edilmişdir. Üçrəngli bayrağın ideya müəlliflərindən biri görkəmli dövlət xadimi və publisist Əli bəy Hüseynzadə olmuşdur. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa edildikdən sonra üçrəngli bayrağımız yenidın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunmuşdur. 2009-cu il noyabrın 17-də isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsis edilmişdir. Bundan sonra hər il noyabrın 9-u ölkəmizdə “Dövlət Bayrağı Günü” kimi qeyd edilmişdir. Bildiyimiz kimi, bayrağımızda üç rəng mövcuddur: mavi, qırmızı, yaşıl. Mavi-türkçülüyümüzü, qırmızı- demokratiyanı, yaşıl rəng isə İslam dininə mənsubluğumuzu bildirir. Məhz bayrağımızın üzərindəki ağ aypara şəkli İslamın simvoludur, səkkizguşəli ulduz isə əlifba sırası ilə səkkiz türk xalqının (Azərbaycan, osmanlı, çağatay, tatar, qazax, qırğız, türkmən, özbək) adını və ya xoşbəxtlik, qardaşlıq mənalarını bildirir.

Qarabağda üçrəngli bayrağımızın uzun illərdən sonra işğaldan azad edilən torpaqlarımızda –Şuşada, Xankəndində, Xocalıda, Laçında və digər rayonlarımızda qürurla yenidən dalğalanması tarixi ədalətin bərpasının carçısı oldu. Bu şanlı bayraq 44 günlük Vətən müharibəsində döyüşə atılan qalib əsgərlərimizin çiynində, tankların üstündə düşmən üzərinə irəliləmişdir. Eləcə də bayrağımız şəhidlərimizin nəşi üzərinə salınaraq onları son mənzilə yola salmışdı.

İnanıram ki, bayrağımız hər zaman yüksəklərdədalğalanacaq. Çünki “bir kərə yüksələn Bayraq bir daha enməz!”

Biz, müstəqil və demokratik ölkənin vətəndaşı olaraq, insan hüquqlarının müdafiəsi zəminində sülh və təhlükəsizlik şəraitində yaşayarıq. Bu müstəqilliyimizin təminatı- dövlət Konstitusiyamızdır. Konstitusiya hakimiyyət bölgüsünü (qanunvericilik, icra və məhkəmə hakimiyyəti) tənzimləyən, ölkədə qanunun aliliyini təmin edən əsas qanundur. 1995-ci il noyabrın 12-də ümümxalq səsverməsi- referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir. Həmin vaxtdan sonra hər il noyabrın 12-si “Konstitusiya Günü” kimi qeyd olunur. Ulu Öndərimiz Heydər Əliyevin birbaşa memarı olduğu bu Konstitusiyada ölkəmizin gələcək hüquqi-demokratik inkişafının təməli qoyuldu.  Azərbaycan Konstitusiyasına bir neçə dəfə əlavələr, dəyişikliklər edilmiş və insan hüquqlarının müdafiəsi mexanizmləri daha da gücləndirilmişdir.

Bayrağımıza ehtiram Konstitusiyamıza sədaqətdən və dövlət rəmzlərimizə olan sevgidən başlayır. Bayraq Günü və Konstitusiya Günlərini qeyd edərkən bir daha dərk edirik ki, suveren, güclü və müzəffər dövlətin vətəndaşı olmaq necə böyük şərəfdir. Bayramlarımız mübarək! Müstəqilliyimiz əbədi olsun!


Nuray  Əliəskərova ,
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

                                           

Oxşar Xəbərlər

Back to top button