Qarabağda Yeni Reallıq: Quruculuq və Böyük Qayıdış Ermənistan Revanşizminin Kölgəsini Arxada Qoyur
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yaratdığı yeni reallıq artıq yalnız ölkəmizin deyil, beynəlxalq diplomatik dairələrin də diqqət mərkəzindədir. Azərbaycan ərazisində gedən genişmiqyaslı quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, şəhər və kəndlərin yenidən salınması, tarixi-mədəni irsin bərpası dövlətimizin qarşıya qoyduğu məqsədlərin ardıcıl və sistemli şəkildə həyata keçirildiyini göstərir. Məhz bu baxımdan Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri mühüm siyasi və ictimai əhəmiyyət daşıyır.
58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərin iştirakı ilə keçirilən bu səfər diplomatlara bölgədə baş verən prosesləri yerində müşahidə etmək, Azərbaycanın apardığı bərpa və quruculuq siyasətinin miqyasını görmək imkanı yaradıb. Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə aparılan işlərlə tanışlıq bir daha göstərir ki, Qarabağda həyatın bərpası sadəcə ayrı-ayrı layihələrin icrası deyil, böyük dövlət proqramının tərkib hissəsidir. Bu torpaqlarda yeni yaşayış məhəllələri salınır, yollar çəkilir, sosial obyektlər inşa olunur, kommunikasiya infrastrukturu yenilənir, insanların təhlükəsiz və rahat yaşayışı üçün bütün zəruri şərait yaradılır.
Lakin Azərbaycanın uğurlu quruculuq siyasəti ilə yanaşı, Ermənistanın bəzi dairələrində hələ də köhnə düşüncənin, revanşist yanaşmanın və reallığı qəbul etmək istəməyən siyasi mövqenin mövcudluğu təəssüf doğurur. Xarici diplomatların Qarabağa səfərinə Ermənistan tərəfindən göstərilən mənfi münasibət də məhz bu yanaşmanın növbəti nümunəsidir. Azərbaycanın öz suveren ərazisinə diplomatik nümayəndələri dəvət etməsi və onların burada gedən proseslərlə tanış olması hansısa dövlətin narazılığına səbəb olmamalıdır. Əksinə, bölgənin gələcəyi ilə maraqlanan hər bir tərəf real vəziyyəti yerində görməli, obyektiv məlumat əldə etməli və həqiqətlərə əsaslanan mövqe nümayiş etdirməlidir.
Erməni revanşist qüvvələrin narahatlığı təsadüfi deyil. Çünki Qarabağ həqiqətlərini uzaqdan təhrif etmək bir qədər asandır, amma həmin torpaqlara gedərək reallığı öz gözləri ilə görmək tamam başqa məsələdir. Diplomatik nümayəndələr Xankəndidə, Şuşada, Ağdərədə və Kəlbəcərdə Azərbaycanın həyata keçirdiyi layihələri gördükcə işğal dövrünün yaratdığı mənzərə ilə bugünkü reallıq arasındakı böyük fərqin şahidi olurlar. Bu isə illərlə formalaşdırılmağa çalışılan saxta təsəvvürlərin təsir imkanlarını zəiflədir.
Azərbaycanın Qarabağda gördüyü işlər ən böyük cavabdır. İşğal zamanı dağıdılmış şəhərlər yenidən qurulur, xarabalığa çevrilmiş yaşayış məntəqələrində yeni həyat canlanır. Vaxtilə insanların məcburən tərk etdiyi yurd yerlərinə bu gün yeni sakinlər qayıdır. Məktəblər, xəstəxanalar, yaşayış binaları, yollar, parklar və digər sosial obyektlər inşa edilir. Bu mənzərə Azərbaycanın öz torpaqlarında hansı məqsədlə fəaliyyət göstərdiyini aydın şəkildə nümayiş etdirir. Məqsəd intiqam deyil, quruculuqdur; qarşıdurma deyil, inkişafdır; keçmişdə qalmaq deyil, gələcəyə doğru inamla addımlamaqdır.
Erməni revanşizminin ən böyük problemi də məhz budur. Azərbaycan keçmişin yaralarını sağaldaraq gələcəyi qurur. Revanşist qüvvələr isə hələ də keçmişin siyasi ritorikasından istifadə etməyə çalışırlar. Azərbaycan hər yeni layihə ilə Qarabağda həyatın normallaşmasına, bölgənin iqtisadi potensialının üzə çıxarılmasına və insanların öz doğma yurdlarında təhlükəsiz yaşamasına xidmət edir. Revanşist dairələrin açıqlamaları isə bu böyük quruculuq prosesinin qarşısında siyasi əhəmiyyətini getdikcə itirir.
Azərbaycan xalqı yaxşı xatırlayır ki, işğal illərində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər dağıdılıb, tarixi abidələr məhv edilib, məscidlər təhqir olunub, yaşayış məntəqələri viran qoyulub. Bu gün həmin ərazilərdə həyata keçirilən bərpa işləri həm də tarixi ədalətin bərpasıdır. Azərbaycan yalnız öz torpaqlarını azad etməyib, eyni zamanda həmin ərazilərin gələcəyini də müəyyənləşdirib. Bu gələcəyin əsasını isə sülh, təhlükəsizlik, inkişaf və Böyük Qayıdış təşkil edir.
Diplomatik korpus nümayəndələrinin səfəri bir başqa mühüm həqiqəti də ortaya qoyur: Azərbaycan artıq Qarabağ məsələsində yalnız tarixi və siyasi arqumentlərlə deyil, konkret nəticələrlə danışır. Qurulan şəhərlər, salınan yollar, bərpa olunan tarixi abidələr, geri qayıdan ailələr və yaradılan müasir infrastruktur Azərbaycanın mövqeyinin canlı göstəriciləridir. Dövlət siyasətinin nəticələri göz qarşısındadır və bu nəticələri görməmək üçün reallığa göz yummaq lazımdır.
Bu baxımdan Ermənistanın müəyyən dairələrinin diplomatik səfərə reaksiyası özlüyündə ziddiyyətli görünür. Əgər həqiqət Azərbaycanın əleyhinədirsə, onda niyə xarici diplomatların həqiqəti yerində görməsindən narahatlıq duyulur? Əgər bölgədə vəziyyət barədə obyektiv məlumatın əldə edilməsinə ehtiyac varsa, niyə diplomatik nümayəndələrin səfərinə etiraz edilir? Əslində bu sualların cavabı aydındır. Revanşist qüvvələr dəyişən reallığın beynəlxalq səviyyədə daha geniş qəbul edilməsindən ehtiyatlanırlar.
Azərbaycan isə öz mövqeyini təmkinlə və ardıcıl şəkildə ortaya qoyur. Ölkəmiz regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasında maraqlıdır. Bunun üçün qarşılıqlı etimad, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn fundamental prinsiplərinə əməl edilməsi vacibdir. Keçmişin düşmənçilik ritorikasını davam etdirmək heç bir xalqa fayda vermir. Cənubi Qafqazın gələcəyi qarşıdurma deyil, əməkdaşlıq üzərində qurulmalıdır.
Bu gün Azərbaycan Qarabağda öz gələcəyini qurmaqla bütün dünyaya mühüm mesaj verir: müharibədən sonra ən böyük qələbə sülh şəraitində həyat qurmaqdır. Dağıdılmış şəhərləri yenidən ayağa qaldırmaq, insanları doğma yurdlarına qaytarmaq, uşaqlar üçün məktəblər tikmək, yeni iş yerləri yaratmaq, bölgəni ölkənin digər əraziləri ilə müasir yollar vasitəsilə birləşdirmək böyük siyasi iradə və iqtisadi güc tələb edir. Azərbaycan bunu həyata keçirir.
Qarabağa səfər edən diplomatların gördüyü mənzərə həm də Azərbaycanın gələcəyə baxışının ifadəsidir. Burada keçmişin ağrı-acıları unudulmur, lakin gələcək keçmişin əsiri də edilmir. Azərbaycan qurur, bərpa edir və insanları öz doğma torpaqlarına qaytarır. Bu prosesin qarşısında revanşist bəyanatların dayanması mümkün deyil. Çünki siyasi bəyanatlar zamanla unudulur, qurulan şəhərlər isə qalır.
Bu gün Qarabağda ucalan hər bina, salınan hər yol, bərpa olunan hər abidə Azərbaycanın dövlətçilik tarixinin yeni səhifəsidir. Bu səhifədə xalqımızın Vətən müharibəsində qazandığı Zəfər qədər, Zəfərdən sonrakı quruculuq əzmi də öz əksini tapır. Ermənistanın revanşist qüvvələri isə nə qədər köhnə iddiaları gündəmə gətirsələr də, yeni reallığı dəyişə bilməzlər.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur siyasəti aydın məqsədə xidmət edir: bu torpaqları təhlükəsiz, müasir və firavan yaşayış məkanına çevirmək. Xarici diplomatların bölgəyə səfərləri də bu həqiqətin beynəlxalq ictimaiyyət tərəfindən daha yaxından müşahidə edilməsinə şərait yaradır. Həqiqət isə artıq uzaqdan deyil, yerində görünür.
Bu reallıq qarşısında ən düzgün yol keçmişin revanşist çağırışlarından imtina etmək, sülhün və əməkdaşlığın imkanlarını dəyərləndirməkdir. Cənubi Qafqaz xalqlarının gələcəyi yeni qarşıdurmalarda deyil, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsindədir. Azərbaycan bu gələcəyə hazırdır. Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük quruculuq işləri bunun ən aydın göstəricisidir.
Tarix bir daha göstərir ki, həqiqi güc yalnız qalib gəlməkdə deyil, qələbədən sonra böyük quruculuq iradəsi nümayiş etdirməkdədir. Azərbaycan xalqı bu iradəni göstərir. Qarabağda həyat yenidən çiçəklənir, Şərqi Zəngəzurda yeni inkişaf mərhələsi başlayır. Revanşist qüvvələrin narahatlığı isə bu dəyişməz həqiqəti dayandıra bilməz. Çünki artıq Qarabağda sözün əsl mənasında yeni həyat başlayıb və bu həyat Azərbaycanın dövlətçilik iradəsi, xalqımızın qayıdışı və gələcəyə inamı ilə davam edir.
Aygün Məmmədova,
YAP Xəzər rayon təşkilatının fəalı



