
“Azərbaycan ilə Vyetnam arasında münasibətlər onilliklər boyu formalaşmış möhkəm dostluq, qarşılıqlı hörmət və etimada əsaslanır. Coğrafi baxımdan bir-birindən uzaqda yerləşən bu iki ölkəni ortaq tarixi xatirələr, iqtisadi əməkdaşlıq, siyasi dialoq və xalqlar arasında yaranmış səmimi münasibətlər birləşdirir. Bu gün Azərbaycan–Vyetnam əlaqələri yeni mərhələyə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov bildirib.
O qeyd edib ki, iki xalq arasında dostluq münasibətlərinin tarixi kökləri ötən əsrin ortalarına gedib çıxır. 1959-cu il iyulun 23-də Vyetnam xalqının böyük öndəri Ho Şi Minin Bakıya səfəri bu münasibətlərin tarixində xüsusi yer tutur. Səfər zamanı Azərbaycanın neft sənayesi ilə yaxından maraqlanan Ho Şi Min ölkəmizin mütəxəssislərinin təcrübəsini yüksək qiymətləndirmiş, Vyetnamda neft sənayesinin inkişafında Azərbaycan təcrübəsindən istifadə edilməsinə xüsusi önəm vermişdir.
Rəşadət Xalıqov bildirib ki, sonrakı illərdə Azərbaycan ilə Vyetnam arasında neft sənayesi sahəsində əməkdaşlıq daha da genişlənib. Vyetnamlı mütəxəssislərin Bakıda, o dövrdə fəaliyyət göstərən Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almaları, Xəzər dənizindəki neft yataqlarında təcrübə keçmələri bu əlaqələrin mühüm göstəricilərindəndir. Azərbaycan neftçilərinin bilik və peşəkarlığı Vyetnamın neft sənayesinin formalaşmasına və inkişafına əhəmiyyətli töhfə verib. Bu əməkdaşlığın rəmzlərindən biri olan “Ağ pələng” neft yatağı isə iki ölkənin iqtisadi əlaqələrinin tarixində xüsusi yer tutur. 1981-ci ildə yaradılmış “Vietsovpetro” birgə müəssisəsi də Azərbaycan neft məktəbinin beynəlxalq miqyasda tanınmasına və təcrübəsinin yayılmasına xidmət edib.
O vurğulayıb ki, Azərbaycan–Vyetnam münasibətlərinin inkişafında Ümummilli Lider Heydər Əliyevin də xüsusi xidmətləri olub. Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi Vyetnama səfəri iki ölkə arasında iqtisadi və sənaye əməkdaşlığının genişləndirilməsinə mühüm təkan verib. Bu tarixi dostluq mədəniyyət sahəsində də öz əksini tapıb. 1988-ci ildə “Azərbaycanfilm” kinostudiyasında rejissorlar Yalçın Əfəndiyev və Çayn Ayn Çanın birgə çəkdikləri “Ağ pələnglə görüş” sənədli filmi Bakı ilə Vyetnamın Vunq Tau şəhəri arasında qardaşlaşma münasibətlərindən, eləcə də Xəzər və Vyetnam neftçilərinin əməkdaşlığından bəhs edib. Xalq artisti Rafiq Hüseynlinin səsləndirdiyi film iki ölkə arasındakı dostluğun mədəni salnaməsində özünəməxsus yer tutur.
Onun sözlərinə görə, müstəqillik dövründə də Azərbaycan Vyetnamla əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət nəticəsində ənənəvi dostluq münasibətləri yeni məzmun qazanıb, siyasi dialoq və iqtisadi əməkdaşlıq genişlənib. 2025-ci il mayın 7-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və səfər çərçivəsində Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul edilməsi ikitərəfli münasibətlərdə mühüm mərhələ olub.
Rəşadət Xalıqov qeyd edib ki, Azərbaycan–Vyetnam əlaqələrinin mühüm istiqamətlərindən biri də siyasi partiyalar arasında əməkdaşlıqdır. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında münasibətlərin inkişafı dövlətlərarası əlaqələrin siyasi əsaslarını daha da möhkəmləndirir. 2023-cü il noyabrın 20-də iki partiya arasında Əməkdaşlıq Sazişinin imzalanması bu istiqamətdə mühüm addım olub. Saziş YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Le Hoay Çunq tərəfindən imzalanıb. Sonrakı dövrdə keçirilən qarşılıqlı görüşlər və səfərlər, 2025-ci ildə Tahir Budaqovun Vyetnamda keçirilən siyasi tədbirdə iştirakı, 2026-cı ilin yanvarında To Lam ilə görüşü, eləcə də oktyabr ayında YAP Mərkəzi Aparatında Vyetnam nümayəndə heyəti ilə keçirilən təmaslar partiyalararası əməkdaşlığın ardıcıl xarakter daşıdığını göstərir.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2026-cı il noyabrın 19–21-də Vyetnama həyata keçirdiyi dövlət səfəri Azərbaycan–Vyetnam münasibətlərinin inkişafında yeni mərhələ açıb. Səfər çərçivəsində dövlətimizin başçısı Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam, Baş nazir Le Minh Hünq və Milli Assambleyanın sədri Çan Tan Man ilə görüşlər keçirib. Noyabrın 21-də qəbul edilən Birgə Bəyanat iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətlərini və gələcək əməkdaşlıq hədəflərini müəyyənləşdirib. Səfər zamanı enerji, investisiya, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sənədlər imzalanıb. Xüsusilə Azərbaycanın Energetika Nazirliyi ilə Vyetnam şirkəti arasında ölkəmizdə günəş və külək enerjisi layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi üzrə əməkdaşlıq sənədi diqqətəlayiqdir. Bununla yanaşı, yanğınların qarşısının alınması, yanğınsöndürmə və axtarış-xilasetmə sahələrində, eləcə də prezident administrasiyaları arasında əməkdaşlıqla bağlı sənədlər imzalanıb.
Rəşadət Xalıqov iqtisadi əlaqələrin də böyük perspektivlərə malik olduğunu vurğulayıb. Bildirib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötüb. SOCAR ilə Vyetnamın “PetroVietnam” şirkəti arasında əməkdaşlığın inkişafı, enerji sektorunda yeni imkanların araşdırılması və Azərbaycanın tranzit potensialından istifadə iqtisadi əlaqələrin daha da genişlənməsinə şərait yarada bilər. Xüsusilə Orta Dəhliz Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılması baxımından perspektivli marşrut kimi əhəmiyyət daşıyır.
O əlavə edib ki, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə, mədəniyyət, turizm və təhsil sahələrində əlaqələrin genişləndirilməsinə də xüsusi əhəmiyyət verirlər. 2027-ci ildə Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunması isə münasibətlərin yeni təşəbbüslər və konkret layihələrlə zənginləşdirilməsi baxımından əlavə imkanlar yaradacaq.
Rəşadət Xalıqov sonda bildirib ki, Azərbaycan–Vyetnam münasibətlərinin keçdiyi tarixi yol xalqlar arasında səmimi dostluğun zamanın sınağından uğurla çıxdığını və yeni nəsillərə ötürüldüyünü təsdiqləyir. Ho Şi Minin Bakı səfəri, Ümummilli Lider Heydər Əliyevin Vyetnamla bağlı fəaliyyəti, Azərbaycan neftçilərinin bu ölkənin enerji sənayesinə verdiyi töhfələr, “Ağ pələng”in tarixi yaddaşı və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji əməkdaşlıq eyni dostluq salnaməsinin mühüm səhifələridir. Bu gün həmin münasibətlər keçmişin zəngin təcrübəsinə söykənərək gələcəyə hesablanmış siyasi, iqtisadi və humanitar tərəfdaşlıq modeli kimi inkişaf edir.
