Gündəm

Şuşa Zəfəri: Azərbaycanın Milli Qürurunun Dirçəlişi

Şuşa şəhəri Azərbaycan xalqının milli kimliyinin, mədəni irsinin və mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsidir. 1992-ci ildə baş verən işğal nəticəsində bu qədim şəhər erməni qəsbkarlarının tapdağı altında qalmış, tarixi irsimiz məhv edilmişdi. Bu itki hər bir azərbaycanlının qəlbində sağalmaz yara kimi qalsa da, intiqam və qayıdış hissi xalqımızı hər zaman birləşdirən gücə çevrilmişdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi və hərbi qüdrəti maksimum səviyyəyə çatdırıldı. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi məhz bu gücün və xalqın birliyinin təzahürü oldu. 44 günlük müharibə ərzində Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək işğal edilmiş torpaqlarımızı bir-bir azad etdi.

Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi xəbəri bütün Azərbaycan xalqının illərdir gözlədiyi müqəddəs an idi. Şuşanın azad olunması ilə milli qürurumuz tamamilə dirçəldi, xalqımız özünəinamını bərpa etdi. Bu zəfər Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə qalib gəldiyini bütün dünyaya sübut etdi.

Bu gün Şuşa azad və müzəffər Azərbaycanın baş tacıdır. Şəhərdə aparılan abadlıq və quruculuq işləri, tarixi abidələrin əvvəlki görkəminə qaytarılması, həmçinin keçirilən beynəlxalq tədbirlər Şuşanın əvvəlki şöhrətini özünə qaytarmışdır. Şuşa zəfəri Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq və gələcək nəsillərə qürur mənbəyi olaraq ötürüləcəkdir.

Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının “Ə.Kürçaylı küçəsi, 17” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button