Şuşa Zəfəri: Beynəlxalq Hüququn və Ədalətin Təntənəsi

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi məşhur qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan rəhbərliyi beynəlxalq hüquq normalarını kobudcasına pozaraq bu qətnamələri onilliklər boyu kağız üzərində saxlamış və işğal siyasətini davam etdirmişdi. Beynəlxalq təşkilatların ikili standartları və hərəkətsizliyi qarşısında Azərbaycan öz gücünə güvənməli oldu.
2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi Azərbaycanın BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməsinin nəticəsi idi. 44 gün davam edən əməliyyatlar zamanı Azərbaycan Ordusu beynəlxalq hüququn işləmədiyini gördüyü yerdə onu öz gücü ilə bərpa etdi. Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi bu haqlı mübarizənin ən parlaq və həlledici nöqtəsi oldu.
Şuşanın azad olunması ilə Ermənistanın işğalçılıq siyasəti iflasa uğradı və rəsmi İrəvan kapitulyasiya aktını imzalamağa məcbur qaldı. Bu qələbə göstərdi ki, ədalətsizliklə heç vaxt barışmaq olmaz və güclü dövlət, güclü ordu hər cür haqsızlığa son qoymağa qadirdir. Şuşa zəfəri həm də beynəlxalq hüququn tətbiqində Azərbaycanın yazdığı unikal nümunə kimi tarixə düşdü.
Bu gün azad edilmiş Şuşada qurulan yeni həyat, bərpa olunan infrastruktur və həyata keçirilən beynəlxalq tədbirlər Azərbaycanın sülh və tərəqqi tərəfdarı olduğunu sübut edir. Şuşa həm tarixi ədalətin bərqərar olmasının, həm də xalqımızın əzmkarlığının əbədi abidəsinə çevrilmişdir. Azərbaycan bu zəfərlə öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, regionda yeni reallıqlar yaratdı.
Sevinc Bayramova,
YAP Nizami rayon təşkilatının “C.Naxçıvanski küçəsi, 160” ərazi partiya təşkilatının sədri

