
20 noyabr Azərbaycan tarixində təkcə bir rayonun azad olunduğu gün deyil, həm də ədalətin, milli iradənin və Böyük Qayıdışın təntənə etdiyi gündür. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi bir qətrə də qan tökülmədən Azərbaycana təhvil verildi. Həmin gündən sonra Ağdam Qafqazın Xirosiması adlandırılan dağıntılar diyarından yenidən qurulan, yaşayan, nəfəs alan bir şəhərə çevrilməyə başladı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev demişdir: Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu sözlər sadəcə bir vəd deyildi, bütöv bir dövlət proqramının manifesti idi. İşğal illərində Ağdamda demək olar ki, salamat bina qalmamışdı. Şəhər və kəndlər talan edilmiş, mədəniyyət abidələri, məscidlər, muzeylər, qəbiristanlıqlar dağıdılmışdı. Məhz buna görə Prezident İlham Əliyevin Ağdama hər səfəri dağıntıların yerində yeni həyatın qurulduğunu nümayiş etdirir. Bu gün Ağdamda görülən işlər həmin vədin mərhələ-mərhələ reallaşdığını sübut edir: yeni yaşayış məhəllələri, məktəblər, bağçalar, yollar, dəmir yolu, mehmanxanalar, sənaye parkları və mədəniyyət mərkəzləri tikilir. Ağdam artıq keçmişin xarabalıqları üzərində deyil, gələcəyin Baş planı əsasında qurulur. Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib.
Ağdam sözünün etimologiyasına gəldikdə, Ağdam sözü qədim türk dilində kiçik qala deməkdir. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada Ağdam günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Başqa izahda da ağ və dam sözlərinin birləşməsi işıqlı ev, ağ bina mənasını ifadə edir. Bu ad Ağdamın tarixən Qarabağın mədəni, iqtisadi və mənəvi mərkəzlərindən biri olduğunu, onun kökünün minilliklərə dayandığını göstərir.
Şanlı Zəfərimizin əbədiləşdirilməsi və qəhrəmanlarımızın rəşadətinin qiymətləndirilməsi məqsədilə Prezidentin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da Ağdamın azad olunmasına görə medalı təsis edildi. Medalın Əsasnaməsinə əsasən, Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları bu medalla təltif olunurlar. Medalın üzərində Ağdamın adı və 20 noyabr 2020-ci il tarixi əks olunmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Ağdamın azad olunması uğrunda yüksək şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu bu medalla təltif olunmuşdur. Bu medal təkcə bir döyüş nişanı deyil, həm də gələcək nəsillər üçün Vətənə sədaqətin, igidliyin simvoludur.
Şanlı zəfərimizin əbədiləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilmiş 20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın tarixi yaddaşında əbədiləşən, ədalətin və haqqın bərpa olunduğu müqəddəs bir gündür. Həmin Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi, o cümlədən 20 noyabr tarixinin Ağdam Şəhəri Günü kimi müəyyən olunması şanlı zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılmış mühüm tarixi addımdır. Zəfər təkcə medallarla və şəhər günləri ilə deyil, həm də abidələr, muzeylər, mədəniyyət mərkəzləri, bərpa olunan tarixi komplekslərlə əbədiləşdirilir. Pənahəli xanın sarayı və İmarət Kompleksi, Xurşidbanu Natəvanın abidəsi, Ağdam Muğam Mərkəzi məhz bu yaddaşın daşıyıcılarıdır. Ağdam Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi edən ilk azad şəhərimizdir, bu da onun dirçəlişinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Böyük Qayıdış Ağdamda artıq real həyata çevrilib. 2025-ci il martın 27-dən etibarən Ağdam şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılıb. 2026-cı il sentyabrın 1-də Ağdam şəhərinə daha 117 ailənin, 362 nəfərin köçürülməsi ilə şəhərdə məskunlaşan ailələrin sayı 1048-ə çatıb. Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinin sakinlərinin doğma yurdlarına qayıtması Böyük Qayıdışın mühüm nailiyyətlərindəndir. 2026-cı il noyabrın 17-də açıqlanan məlumatlara görə, Ağdam rayonunda 8300 nəfər yaşayır. Xıdırlı kəndinin ümumi planlaşdırılan sahəsi 417 hektardan çoxdur, təxminən 6000 nəfərin məskunlaşması nəzərdə tutulur. Birinci mərhələ 170,44 hektar ərazini əhatə edir və 719 ailə, yəni 2951 nəfər üçün nəzərdə tutulub. Bu rəqəmlər Ağdamın sadəcə tikinti meydançası deyil, artıq yaşayan bir rayon olduğunu göstərir. Köç prosesi təkcə ev açarlarının təqdim edilməsi ilə bitmir. Sakinlərə məktəb, bağça, tibb məntəqəsi, klub-icma mərkəzi, inzibati xidmətlər, iş yerləri və müasir kommunal infrastruktur təqdim olunur. Məhz buna görə Ağdamda qayıdış dayanıqlı, uzunmüddətli həyatın başlanğıcıdır.
Ağdamın gələcəyi yalnız yaşayış və kənd təsərrüfatı ilə məhdudlaşmır. Şəhər Qarabağın turizm qapılarından birinə çevrilir. Bu istiqamətdə ən mühüm layihələrdən biri City Hotel Agdam mehmanxanasıdır. Eyni zamanda Dəmir Yolu və Avtovağzal Kompleksi, Bərdə-Ağdam avtomobil yolu, şəhərdaxili yol və kommunikasiya şəbəkəsi Ağdamı regionun nəqliyyat və turizm mərkəzinə çevirir. Tarixi-mədəni turizm üçün İmarət Kompleksi, Pənahəli xanın sarayı, Natəvan abidəsi, Muğam Mərkəzi, gələcəkdə bərpa olunacaq məscid və muzeylər xüsusi əhəmiyyət daşıyır. Atçılıq Nəsilartırma Mərkəzi isə Qarabağ atlarının şöhrətini yenidən Ağdama qaytaracaq, atçılıq turizmi və mədəni tədbirlər üçün yeni imkanlar yaradacaq. Ağdamın Baş planında turizm zonaları, parklar, yaşıllıqlar, piyada küçələri və mədəniyyət məkanları nəzərdə tutulub. Məqsəd Ağdamı həm yaşamaq, həm işləmək, həm də səyahət etmək üçün cəlbedici şəhərə çevirməkdir.
Dövlət başçısının 4 oktyabr 2022-ci il tarixli Ağdam səfəri quruculuq prosesində mühüm mərhələ oldu. Həmin gün Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının, Dəmir yolu və Avtovağzal Kompleksinin, Atçılıq Nəsilartırma Mərkəzinin və yeni yaşayış məhəlləsinin təməli qoyuldu. Həmin səfər çərçivəsində Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanışlıq, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi, Xıdırlı kəndinin təməlqoyma mərasimi, Kəngərli kəndinin təməlqoyma mərasimi, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimi, City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimi, Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə tanışlıq, Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi, növbəti yaşayış məhəlləsinin təməlqoyma mərasimi, Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimi, Sarıcalı kəndinin təməlqoyma mərasimi həyata keçirildi. Bu səfər Ağdamın sadəcə bərpa olunmayacağını, tamamilə yeni, müasir standartlara uyğun şəhər kimi qurulacağını göstərdi.
28 may 2024-cü il səfəri kəndlərin bərpasında yeni mərhələnin başlanğıcı oldu. Həmin gün Ağdam rayonunun Tağıbəyli kəndinin təməlqoyma mərasimi, Güllücə kəndinin təməlqoyma mərasimi, Ağdam rayonunun Nəmirli kəndinin təməlqoyma mərasimi, Şotlanlı kəndinin təməlqoyma mərasimi keçirildi. Bu kəndlərin hər birində müasir fərdi evlərlə yanaşı, məktəb, bağça, tibb, idman və icma infrastrukturu nəzərdə tutulub. Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı Ağdamın kənd həyatının yenidən canlanmasının simvoluna çevrilir.
10 may 2025-ci il isə Ağdamın dirçəliş tarixində əlamətdar günlərdən biri kimi yadda qaldı. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi istifadəyə verildi. Həmin gün Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı, Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışı, Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanışlıq, Ağdamın Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə tanışlıq, Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışı, Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışı, Ağdamın Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanışlıq, Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüş, onlara evlərin açarlarının təqdim edilmə mərasimi, Ağdam Muğam Mərkəzinin açılışı baş tutdu. 2025-ci il mayın 10-da Kəngərli kəndinin birinci mərhələsinin açılışı ilə sakinlərin doğma torpaqlarına qayıdışı yeni mərhələyə qədəm qoydu. Kənddə fərdi yaşayış evləri ilə yanaşı, məktəb, körpələr evi-uşaq bağçası, klub-icma mərkəzi və inzibati obyektlər istifadəyə verildi. Muğam Mərkəzinin açılması isə Ağdamın təkcə tikinti deyil, həm də mədəniyyət şəhəri olduğunu bir daha sübut etdi.
14 iyul 2026-cı il tarixində Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar. Bu səfər Ağdamın bərpasının artıq təkcə milli layihə deyil, beynəlxalq maraq doğuran, beynəlxalq əməkdaşlığa açıq bir dirçəliş modeli olduğunu göstərdi. Baş Qərvənddə aparılan quruculuq işləri ilə xarici dövlət başçısının yerində tanış olması Ağdamın ağıllı kənd, ağıllı şəhər konsepsiyası əsasında qurulduğunu, müasir texnologiyalar və yaşıl enerji həlləri ilə inkişaf etdiyini nümayiş etdirir.
20 Noyabr – Ağdam Şəhəri Günü dağıntılardan dirçəlişin, həsrətdən qovuşmağın, zəfərdən quruculuğa keçidin günüdür. Ağdam bu gün yenidən tikilir, yenidən məskunlaşır, yenidən oxuyur, yenidən yaradır. Prezident İlham Əliyevin dediyi kimi, Ağdam bərpa olunacaq, bütün kəndlər bərpa olunacaq. Bu gün Ağdamda ucalan hər bir ev, açılan hər bir məktəb, çəkilən hər bir yol həmin sözün həyata keçdiyinin canlı sübutudur.
Əli Paşayev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi



