Gündəm

Qarabağın incisi Şuşa yenidən öz sakinlərinə qovuşur

Şuşa əsrlər boyu Azərbaycan xalqının sevimli şəhərlərindən biri olub. Burada doğulan və boya-başa çatan görkəmli şəxsiyyətlər, zəngin mədəniyyət ənənələri və özünəməxsus şəhər mühiti Şuşanı ölkəmizin ən dəyərli yaşayış məkanlarından birinə çevirib. İşğal nəticəsində şəhər sakinlərinin doğma yurdlarından didərgin düşməsi böyük humanitar faciə idi.

Şuşanın işğaldan azad edilməsi ilə bu faciənin aradan qaldırılması istiqamətində yeni mərhələ başlandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin yenidən qurulması, infrastrukturun bərpası və keçmiş məcburi köçkünlərin qayıdışı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Bu istiqamətdə həyata keçirilən layihələr Şuşanın gələcək inkişafını təmin edir.

Şəhərdə müasir yaşayış komplekslərinin inşası, yolların yenilənməsi, su, elektrik və digər kommunikasiya sistemlərinin qurulması sakinlərin rahat yaşayışı üçün mühüm şərait yaradır. Məktəb, sosial və inzibati obyektlərin istifadəyə verilməsi Şuşanın gündəlik həyatının bərpasına xidmət edir. Bütün bu işlər şəhərin tarixi görünüşü ilə müasir tələblərin uzlaşdırılması əsasında həyata keçirilir.

Doğma Şuşaya qayıdan ailələr üçün bu hadisə sadəcə yeni evə köçmək deyil, uzun illər davam edən həsrətin sona çatmasıdır. İnsanların öz uşaqlıq xatirələrinə, ata-baba yurdlarına və milli-mənəvi dəyərlərinə qovuşması Böyük Qayıdışın ən təsirli məqamlarındandır. Şəhərin küçələrində yenidən sakinlərin addım səslərinin eşidilməsi qələbənin sosial nəticəsini göstərir.

Şuşanın yenidən məskunlaşması Azərbaycanın gələcəyə inamla baxdığını təsdiqləyir. Dövlətimizin diqqəti və xalqımızın doğma torpağa bağlılığı sayəsində şəhər əvvəlki şöhrətini bərpa edir. Şuşa Şəhəri Günü həm azadlığın, həm də doğma yurda qayıdış sevincinin bayramıdır.

Arif Qurbanov,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 161” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button